Alınan mallar geri qaytarılmır

Universitetin ilk günlərini xatırlayıram. Hələ onda feodal məktəblərindən çıxmış, hind filmlərini sevən, günlük xərcini atasının deyinə-deyinə cibindən çıxarıb üstünə tulladığı parayla ödəyən bizə – XX əsrin son, XXI əsrin ilk tələbələrinə, azərbaycanlı gənclərə demişdilər hocalarım: “Kimsənin haqqını tapdalamayın, kimsəyə haqqınızı yedirməyin”!
O gündən bu yana niyə, nədən, nə üçün, nə səbəbə, nədən ötrü, nədən dolayı, nöşün və s. və i. kimi sualları bu avam və nadan camaatımızı bir yerə toplayıb onlara verməyi o qədər istəmişəm ki, onu bir allah bilir. Hətta bu arzumdan bir gün ürəyimin partlayacağını da gözləmişəm. Sözün düzü, gücüm olmayıb. Susa bilmişəm. Kimdi mənə qulaq asan?! İçimi didib bu suallar: Axı nəyə görə həmişə “abırlı” və “həyalı” olacağıq? Nə vaxta qədər “abrımıza sığınıb” susacağıq? Bu lallıqla hara qədər gedəcəyik?
İndi nədən güc aldım deyə soruşan olar birdən. Deyim də...
Əslində Amerika kəşf etməyəcəyəm və “Evrika” deyə bağırmaq da fikrim yoxdu. Sadəcə bu yaxınlarda pul qazanmaq niyyətilə (allah kasıbçılığın üzünü qara eləsin:() bir-iki qanunun nəşrilə bağlı iş gördüm. Fürsət düşmüşkən özüm də bu hüquqi savadsızlığdan əl çəkib bəzi (əlbəttə ki, ilk növbədə alış-verişlə bağlı) məqamlara göz qoydum. Nə görsəm yaxşıdır? Sən demə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu varmış və necə də haqqı müdafiə edən, əkilən-biçilən xalqımıza həmdəm olan qanun imiş. Əslində bütün o Qanunu bura kopyalamaq pis olmazdı, amma... Amma yazını oxuyan hər kəsin sabahdan etibarən alış-veriş mərkəzlərinə hücumlarından ehtiyatlandım və... qız uşağının türmədə nə ölümü deyib özümü sığortaladım.
Sadəcə bir bəndi yazıya yerləşdirirəm. Diqqətlə oxuyun!
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun II fəslinin 7-ci maddəsinin 3-cü bəndində deyilir:
“- istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir”.
Amma, dəyişdirilirmi? Yoxsa mağazalarımızda “Alınan mallar geri qaytarılmır!” yazılmır? Bəlkə biz, haqqını bilməyən, tanımayan (bizim variantımızda) bədbəxt kütlə üstündən heç bircə gün keçməmiş aldığını heç dəyişə bilməyən camaat deyil? Özüdür ki, var!
İndi düşündüm də, yaxşı bəs biz buna bu Qanunun elə bax məhz bu bəndini əlimizdə bayraq edib istəmədiyimiz, razı qalmadığımız malı geri götürməklə çarə qılsaq (hərçənd “abrımız”, “həyamız” buna imkan verməz də, elə-belə deyirəm), onda necə, bizi eşidən, daha doğrusu, qanunun aliliyinə, dövlətimizin hökmünə riayət edərmi? İnanmıram!
Onda nə etməli?
Belə çıxır ki, bizim lap boş başımızın alın deyilən nahiyəsində yazılıb bu: “abrımıza”, “həyamıza” sığınmaq. Sığın, bala, sığın...