Bizim məhəllədə


Yazıçı təxəyyülüm nə qədər güclü olsa da (baxmayaraq ki, təzə-təzə üzə çıxır), heç vaxt ağlıma da gəlməzdi ki, dayım bir gün qoyun kimi mələyəcək. Bir neçə “mə” eşidəndən sonra təxmin etdim ki, bu “mə” onun müştərilərinə çağırış siqnalıdır. Yəni it-qurdun (polis nəzərdə tutulur) gözündən qaçmaq, fikrindən yayınmaq üçün belə eləyirmiş.
Amma bu gün bir az da yazığım gəldi dayıma. O qədər məəldədi ki, artıq səsinin tonu da etiraz etməyə başladı. Bir az da hirsli, tərs və səbrsiz qoyunu xatırladırdı. Deyəsən, “mə”lərin sayı çox oldu.
Bu qonşuların da ki gözündən heç nə qaçmır. Hərə öz pəncərəsindən təəccüb dolu baxışlarla boylanıb səs gələn pəncərəni axtarırdı. Məhəlləmiz ağılsız briqadirlərin sayəsində (1-2 ilə bizim “Kubinka” “New New York”a çevrilməlidir axı) balaca, ucqar və əlçatmaz bir kəndi xatırlatsa da, bizdə heç vaxt mal-qara olmur. Odur ki, camaatın təəccübünü də anlamaq çətin məsələ deyildi.
Birdən dayım daha ucadan, sanki “harda qalmısan?!” mənasını daşıyan bir “mə” çıxartdı. Bilirsiz nə baş verdi? Təsəvvür eləməzsiz. Dayımın səsindən də uca, sərt və qınaqlı bir tərzdə mələyən bir səs məhəllənin o başından bu başına hücum çəkdi.
Aha, deyəsən dayım sakitləşdi. Sən demə, əsas qoyun gəlirmiş.
Bir az sonra pəncərələr bağlanmışdı. Daha dayım mələmirdi. O biri qoyunun da səsi gəlmirdi. Yağış da yağırdı. Bizim “Kubinka” kəndində günorta lomkasına qədər səssizlik hökm sürürdü.
Mən də yazırdım. Və bir də baxıb gördüm ki, ağ vərəqə qırmızı qələmlə yazıram (adətən bu qələmdən redaktədə istifadə edirəm).
Nahaq yerə demirlər ki, narkomaniya “ağ ölümdür” – QANSIZ ÖLÜM!
P.S. Həm də onu anladım ki, Allahın bəndəsinə qəzəbi tutanda əvvəlcə onun ağlını əlindən alır. Yəqin Allahın dayıma qəzəbi tutub...
13 oktyabr 2006

Hiç yorum yok: