Oğula hamilə ananın Qarabağ dərdi


Mən artıq Qarabağ adlı dərddən iyrənirəm. İllərdir davam edən bu söz-söhbətdən ürəyim bulanır. Noolar, gəlin bir şey edək. Yorulmuşam "sülh, yaxud müharibə" kəlmələrini eşitməkdən. Noolursa, olsun. Təki bir şey olsun. Qərar verək, bitsin getsin bu iş. Nə mənə, nə sənə, nə də erməniyə lazım olmayan bu yorucu, üzücü və bitib-tükənmək bilməyən çərənləmələr öz sonunu, axırını tapmalıdır. Axı, biz nə vaxta qədər eyni dərdi çəkməliyik? Bəlkə bizim təzə dərdə ehtiyacımız var?! Bəlkə köhnə dərdi unutmaqçun təzə dərdə qapı açmalıyıq?!
Bilmirəm. Vallah, heç bilmək də, eşitmək də istəmirəm bu işlərin həlli yollarında söylənən fikirləri, aparılan söhbətləri. Nəyimə lazımdır axı sadə bir vətəndaşın, qucağı süd qoxan ananın Qarabağ dərdi. Mənə daxili problemləri, sosial çətinlikləri başdan aşsa da, Qarabağ dərdi olmayan bir məmləkəti verin ki, adam kimi yaşayıb, cəmiyyətə, insanlara lazımlı, gərəkli övlad böyüdüb Ana adıyla can yandırım. Mənə parçalanmayan, bölünməyən Vətənimi verin ki, gücümü göstərim.
Mənə Qarabağ dərdini yük etməyin. Vallah, əlimdən gələn bir şey yoxdur. Yenə də siz azdan - çoxdan bilirsiz. Dünyadan, siyasətdən, tarixdən xəbəriniz var. Oxumusuz, çox şeydən xəbərdarsız. Mən bilmirəm bu işləri. Ömrümün sonuna qədər dəridən - qabıqdan çıxsam da, öyrənib bir şey edə bilməyəcəyəm. Belə getsə, mən də bu yükü üstümdən atıb, oğlum üçün saxlayacağam. O ümidlə ki, bəlkə o bacardı. Amma məni "gorbagor ana" eləməyin. Torpaq altında Məhşəri gözləyən sümüklərimi oğluma - ağrı ilə, sancı ilə doğduğum canı bir, qanı bir oğluma söydürməyin. Qurban olum, məni mənə lənətlər yağdıran oğul böyütməyə vadar etməyin.
Silin səhifələrdən Qarabağ dərdini. Elə silin ki, oğlum oxuya bilməsin o tarixi. Elə silin ki, oğlum görməsin Xocalıda quruyan meyitləri. Qurban olum, oğlumun namusuna toxunmayın. İstəmirəm! Mənə - dişiylə, dırnağıyla oğul böyüdən anaya lazım deyil içində nifrət, kin daşıyan bir övlad. Mən insan böyütmək istəyirəm İNSANLARÇUN! Mən dünyanı VƏTƏN bilən, insanı - rəngindən, dilindən, dinindən, soyundan asılı olmayaraq QARDAŞ bilən insan doğmaq istəyirəm!!!
Ürəyim bulanır. Gicəllənir başım. Bir az başqa dad istəyirəm - ürəyimə xoş gələn, ağzımın tamını dəyişə biləcək dad, təzə dərd... Oğula hamilə anaya təzə dərd lazımdır, təzə dərd...
Silin tarixin vərəqlərindən Qarabağ dərdi səhifəsini. Atasını Qarabağ yolunda itirən oğlumla təzə həyata başlamaq istəyirəm. Söz verirəm, oğlum heç vaxt bilməyəcək atasını Qarabağ dərdinin udduğunu. Mən anayam. Analar yalan danışmağı bacarmasa da, bir şey uydurub deyərəm. Amma siz də unutdurun Qarabağ dərdini.
Qurban olum, bir şey edin...
17 oktyabr 2006

Hiç yorum yok: