Kişilər mənim çörək ağacımdır


Qadınlardan xahiş edirəm, mənim yanımda kişiləri söyməyin, pisləməyin, arxalarıyca danışmayın. Xətrimə dəyirsiz. Yemək yediyim boşqaba tüpürürəmmiş kimi hiss edirəm özümü. İşıq gələn tərəfə hürən it, çörək verən adama nankor adam kimi görürəm özümü.
Kişilər mənim çörək ağacımdır. Onlar olmasa, bir sətir də yazmaram. Nə oxuduqca ürəyiniz xarab olan şeirlərimi, nə dərdinizdən xəbər verən hekayələrimi, nə də elmə yeni-yeni töhfələr gətirmək yolunda gecəmi gündüzümə qatıb, işlədiyim məqalələrimi ortaya çıxara bilərəm.
Məsələn, onlardan biri lazımdır, ən azı ona görə ki, hisslərimi oyatsın, qadın kimi yaşamağa vadar etsin və bu duyğular gecənin bir aləmi 1-2 misralıq şeirə çevrilsin.
Başqa birisi lazımdır ona görə ki, arvadını salsın təpiyinin altına, xurd-xəşil eləsin, alıb-gətirdiyini başına çırpsın, pintiliyi üstə danlasın və hələ üstəlik, xəyanət də etsin. Sonra da mən, başımın düz işləyən vaxtı o yazıq arvada qınağımımı, mərhəmətimimi dilə gətirib, bir köşəlik hekayə yazım.
Biri də ona görə lazımdır ki, ona olan nifrət, sevgisinə duyduğum ehtiyac, əlim kəsilən vüsalı, yarı yolda qalmış arzularımın acığını çıxım. Sonra da böyüyüb, böyüyüb, şöhrət qaplarını açıb, bir gün yuxarıdan, laaaap yuxarıdan peşman vücuduna baxa bilim.
Kişilərlə işiniz olmasın. Onlar mənim dünənimdir, bu günümdür. Kişilər mənim gələcəyimdir, gələcək şöhrətimdir. Bir parça çörək pulum çıxır onlardan, daha doğrusu, onlardan aldığım ilhamın qusduğu cızma-qaralarımdan.
Mənim də bu ehtiyacımı ödəyir KİŞILƏR. Yaxşı-yaxşı fikirləşsəz, sizə də nə üçünsə lazımdır onlar. Söyməyə tələsməyin. Onlarsız ac qalarıq. Hər halda, acından yox, dərdlərindən ölmək daha yaxşıdır.

P.S. Amma ölmək üçün də hələ çox erkən...
25 oktyabr, 2006

Hiç yorum yok: